Bir Şairi Küsdürmüsüz Barışmır / Nicat Hunalp
Bir Şairi Küsdürmüsüz Barışmır
Mən yollarda ayaqyalın yürüdüm,
Əzəlindən bir yolum var biridim,
Haqq yolunda müqəddəsdim ,piridim
Bir şairi küsdürmüsüz barışmır
Allah bilir içimdə nə çəkmişəm,
Ocaq üstə bağrı yanan bir şişəm,
İncitməyin,bu dünyaya gəlmişəm,
Bir şairi küsdürmüsüz barışmır
Kimsə bilmir içimdəki dərdimi,
Nə qoydular dərdi çəkim dərd kimi,
Başsız qalmış köksü yara yurd kimi,
Bir şairi küsdürmüsüz barışmır
Məni darıxmağa qoyma İlahi
Səni and verirəm ucalığına,
Məni darıxmağa qoyma İlahi
Gecə sükütunun dərdli çağına,
Məni darıxmağa qoyma İlahi
Göy üzü kədərdi, yer üzü qəmdi,
Bu yazıq bəndənin qədəri kəmdi,
Bu dünya bəlkədə bir cəhənnəmdi,
Məni darıxmağa qoyma İlahi
Özümə hərdən bir yazığım gəlir,
Yaş keçir zamanım, vaxtım gödəlir,
Necə darısaqalmış Tanrım bu qəbir,
Məni darıxmağa qoyma İlahi
Bir ümid yerim var, bir güman yerim,
Üzülsə her şeydən, hər yerdən əlim,
Durub göy üzünə dalınca gəlim,
Məni darıxmağa qoyma İlahi
Ay göy üzü əl çək daha yaxamdan
Küsdürmüsən yenə ayı buludu,
Ay göy üzü əl çək daha yaxamdan
Çiçək ömrüm torpağında qurudu,
Ay göy üzü əl çək daha yaxamdan
Yağışında dərdim - sərim yuyuldu,
Arzularım ağac kimi oyuldu,
Yazıq canım tabutuna qoyuldu,
Ay göy üzü əl çək daha yaxamdan
Nə istədi axı səndən bu adam,
Axır çıxdı iman dindən bu adam,
Nə gördüki guya yerden bu adam,
Ay göy üzü əl çək daha yaxamdan
Həsrət üzdü o çiçəksiz arını,
Yel apardı cənnətinin barını,
Gizlətmisən milyon ildi Tanrını,
Ay göy üzü əl çək daha yaxamdan
Bir bulud ağlayır başımın üstə
Bir az köz atım qoy bu sözə barı,
Fələklə payımı böl yarı - yarı,
Tanrımı göndərib bu buludları,
Bir bulud ağlayır başımın üstə
Özün bax sən Allah bu haya - küyə,
Ürəyim dayanmır o uçuq öyə,
Göy yerə qarışıb,yerdəki göyə,
Bir bulud ağlayır başımın üstə
Burda yaşamımda vallah havayı,
Pərişan görürəm günəşi, ayı,
Kimim kimsəm yox, qəmdən savayı,
Bir bulud ağlayır başımın üstə
Nə qədər adam var içimdə ölən,
Yoxdu ürəyimdə dərdimi bilən,
Nə çoxdu halıma ürəkdən gülən,
Bir bulud ağlayır başımın üstə
Dayan, bir baş çəkim bu ağacada,
Orda qəlbi kabab ,qarnı acada,
Tanrıdan aşağı,məndən ucada,
Bir bulud ağlayır başımın üstə